Əli Həsənov: “Media qurumları arasında rəqabət sağlam zəmin üzərində qurulmalıdır”

"Obyektivlik, qərəzsizlik, faktın dəqiqliyi jurnalistika üçün çox vacib prinsipdir. Azərbaycan dövləti öz həyatını azad mediasız təsəvvür etmir”. Bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov Bakıda Dünya Xəbər Agentlikləri Konqresi Şurasının növbəti iclasında çıxışı zamanı deyib. Əli Həsənov bildirib ki, bu gün dünyada baş verən qloballaşma prosesində müasir media qarşısında mühüm vəzifələr durur: “Media qurumları arasında rəqabət təbiidir, ancaq rəqabət sağlam zəmin üzərində qurulmalıdır. İstəyirik ki, bu, dünyada qəbul edilən dəyərləri gözdən salmağa deyil, bu dəyərləri daha da zənginləşdirməyə yönəlsin. Təəssüf ki, bunun əksi ilə qarşılaşmalı oluruq. Dünyada cərəyan edən hadisələr hətta bəzən çox nüfuzlu xəbər agentlikləri tərəfindən birtərəfli rakursdan işıqlandırılır, siyasi mənafelərə uyğun şəkildə təqdim olunur. Bir sıra hallarda mediaya yoxlanılmamış, qərəzli və ya sifariş xarakterli informasiyalar yol tapır. Bu, beynəlxalq aləmdə ikitərəfli münasibətlərə zərər vurur”.

 
Avropa Xəbər Agentlikləri Alyansının (EANA) prezidenti, Böyük Britaniyanın “Press Association” agentliyinin baş icraçı direktoru Klayv Marşal deyib ki, Azərbaycanın inkişafı istiqamətində böyük işlər görülüb. O bildirib ki, keçmiş sovet ölkələri Avropanın demokratik ölkələr ailəsinə daxil olub. Rusiyanın TASS agentliyinin baş direktoru Sergey Mixaylov isə Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayıb və növbəti Konqresin 2016-cı ildə Azərbaycanda keçiriləcəyini qeyd edib.

Müəllif | Apa.Tv
Apa.tv