Türkiyənin müdafiə naziri: “İŞİD-ə qarşı döyüşənlərə Kırıkkalede təlim keçəcəyik”

İŞİD-ə qarşı döyüşəcək silahlı birləşmələrə Türkiyə ərazisində təlim keçiriləcək. APA TV-nin məlumatına görə, bu barədə ölkənin müdafiə naziri İsmət Yılmaz açıqlama verib. Nazir bildirib ki, ABŞ-la imzalanan razılaşmaya əsasən, tərəflər təlimə cəlb olunacaq qüvvələrin tərkibini birgə müəyyənləşdirəcək, daha sonra onlara Kırıkkale yaxınlığındakı düşərgədə xüsusi təlim keçiriləcək. Təlim keçən qruplaşmalar İraqda İŞİD-ə qarşı əməliyyatlarda istifadə olunacaq. İsmət Yılmaz Kırıkkalede Suriya rejiminə müxalif olan hansı qruplaşmalara təlim keçiriləcəyini açıqlamayıb. O yalnız bildirib ki, Türkiyə İŞİD-ə qarşı yaradılan beynəlxalq koalisiyanın üzvüdür və üzərinə düşən vəzifəni yerinə yetirir. Türkiyənin İraqa hərbi kontingent göndərmək ehtimalını dəyərləndirən İsmət Yılmaz qeyd edib ki, bu, koalisiya üzvlərinin verdiyi qərardan asılı olacaq. SİTAT: “Əgər koalisiyaya üzv ölkələr öz vəzifələrini yerinə yetirsə, biz də öz vəzifəmizi yerinə yetirəcəyik”. Qeyd edək ki, Mosul valisi bölgədə İŞİD-ə qarşı başlayan və Mosul hərəkatı adlandırılan əməliyyatlara Türkiyənin də dəstək verdiyini açıqlayıb. Vali bu dəstəyin hansı formada olduğuna aydınlıq gətirməyib. 

 

Müəllif | Apa.Tv
Apa.tv