Əli Həsənovdan Ermənistana xəbərdarlıq: “Bu təfəkkürlə dövlət qurmaq, idarə etmək olmaz”
“Ermənistanın həyata keçirdiyi hər hansı tədbir işğalçı dövlətin başqa dövlətin ərazisində həyata keçirdiyi tədbir kimi dəyərləndiriləcək”. APA TV-nin məlumatına görə, Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mayın 3-də qondarma “Dağlıq Qarabağ Respublikası”nda keçiriləcək qondarma “parlament seçkiləri”nə belə münasibət bildirib. Əli Həsənov qeyd edib ki, Dağlıq Qarabağda həyata keçirilən istənilən birtərəfli addım, siyasi və sosial aksiya Azərbaycan tərəfindən müvafiq münasibətlə qarşılaşacaq.
“Ermənistan dövləti bu əraziləri işğal edib. Onun bu ərazilərdə həyata keçirdiyi hər hansı tədbir işğalçı dövlətin başqa dövlətin ərazisində həyata keçirdiyi tədbir kimi dəyərləndiriləcək. Çox təəssüf edirik ki, Ermənistan qeyri-konstruktiv mövqeyini, beynəlxalq hüquq normalarına meydan oxumağı davam etdirir. Faktiki olaraq beynəlxalq hüquq normalarının bütün prinsiplərini pozur və açıq-aşkar bu mövqeyini dünyaya çatdırır”.
Əli Həsənov bildirib ki, dünyada ikili standartların hökm sürdüyü belə bir zamanda Ermənistanın bu addımları cavabsız qalır. O Ermənistana və bu dövlətin havadarlarına xəbərdarlıq edib: “Amma biz Azərbaycan dövləti olaraq Ermənistanı, o cümlədən onun söykəndiyi, arxalandığı bəzi dairələri xəbərdar edirik ki, bu tipli bəyanatlarla, bu tipli təfəkkürlə, siyasi dünyagörüşü ilə dövlət qurmaq, idarə etmək olmaz. Əgər sözün həqiqi mənasında beynəlxalq hüquq normalarına azca da hörmətlə yanaşırlarsa, heç olmasa öz xalqlarının maraqlarını nəzərə alsınlar. Erməni xalqını öz ekstremist fəaliyyətinin girovuna çevirib, qonşulara ərazi iddiaları üzərində meydan oxumaq bu dövlətin gələcəyini şübhə altına qoyur, sual altına alır”.