Mixail Qusman: "Azərbaycan jurnalistikası şəffaf və cəsarətlidir"
"Azərbaycan jurnalistikası bütün zamanlarda öz şəffaflığı, obyektivliyi və cəsarəti ilə seçilib. Bu dünən də belə idi, bu gün də belədir. Mən Azərbaycanın ictimai-siyasi həyatını mətbuat vasitəsi ilə dərindən izləyirəm. Azərbaycan televiziyasının tamaşaçısıyam. Bu gün də öz fikrimə sadiq qalaraq deyə bilərəm ki, bu sahə yetərincə inkişaf edib".
APA TV-nin məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rusiyanın TASS agentliyinin baş direktorunun müavini Mixail Qusman deyib: "Bu, çox vacibdir. Azərbaycan demokratik ölkədir və demokratik dəyərlərin inkişadına önəm verir. Çox təəssüf ki, bu gün təkcə Azərbaycanda deyil, Rusiya və digər ölkələrdə də mətbuatda neqativ hallara, sifarişli materiallara rast gəlinir. Bu isə cəmiyyətin rəngini dəyişir. Ən vacibi budur ki, mətbuat demokratik dəyərləri, açıq və şəffaf sözü qoruyub saxlaya bilsin".
Mixail Qusman sosial şəbəkələrin mətbuatın fəaliyyətini arxada qoyduğu haqqda fikirlərə də münasibət bildirb. Onun sözlərinə görə informasiya texnologiyalarının inkişafı internetin həyatımızdakı rolunu artırıb, amma bu, mətbuatın şəffalığına və demokratikləşməsinə, açıq sözə kölgə salmamalıdır: "Bu gün müasir dünyada sosial şəbəkələrin rolu danılmazdır. Mən isə bu qənaətdəyəm ki, sosial şəbəkələr sadəcə ünsiyyət vasitəsidir. KİV bu gün sosial şəbəkələrdən fərqli olaraq dəyərləri qoruyub saxlayır. Düşünürəm ki, müasir texnalogiyaların bizə verdiyi imkanlardan lazımi olan kimi istifadə etməliyik. Sosial şəbəkələr mənim üçün kütləvi informasiya vasitələrini əvəz edə bilməz".
Mixail Qusmanın sözlərinə görə, sosial şəbəkələr mətbuatın məsuliyyətini daha da artırır.