"Forbes" jurnalı Rusiya milyarderlərinin yeni reytinqini açıqladı

Rusiya milyarderlərinin reytinqində uzun illərdən sonra lider dəyişib. APA TV-nin məlumatına görə, Azərbaycan əsilli iş adamı Vahid Ələkbərov 12,2 mlrd sərvəti ilə Rusiya milyarderlərinin reytinq cədvəlində altıncı yerdə qərarlaşıb. "Forbes" Amerika versiyasının son hazırladığı siyahıda artıq ilk yeri Əlişir Usmanov deyil, "İnterros" Holdinqinin prezidenti Vladimir Potanin tutub. Dünya milyarderlərinin siyahısında 60-cı yerdə qərarlaşan Potanin 14,8 mlrd. dollar sərvəti ilə Rusiya milyarderlərinin siyahısına liderlik edir. İkinci yeri "Alfa qrup"un Müşahidə Şurasının sədri Mixail Fridman tutub. Dünya milyarderlərinin reytinqində 68-ci yerdə qərarlaşan Fridmanın 14,7 mlrd. dollar sərvəti olduğu açıqlanıb. Üçüncü yerdə isə uzun illər bu siyahıya liderlik etmiş USM Holdinqin prezidenti Əlişir Usmanov qərarlaşıb. Hazırda onun sərvətinin 14,5 mlrd. dollar olduğu bildirilib. Siyahıda dördüncü yerdə 14,2 mlrd. dollarla Viktor Vekselberq, beşinci yerdə 14,2 mlrd. dollar sərvəti ilə Aleksey Mordoşov qərarlaşıb.

 

Rusiya milyarderlərinin reytinqində altıncı yeri isə Azərbaycan əsilli iş adamı, "LUKOİL"-un prezidenti Vahid Ələkbərov tutur. "Forbes" həmyerlimizin sərvətini 12,2 mlrd. dollar miqdarında dəyərləndirib.

 

Müəllif | Apa.Tv