Azərbaycan Dövlət İnformasiya Agentliyi 95 yaşını qeyd etdi
Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 95 illik yubiley mərasimi keçirilib. APA TV-nin məlumatına görə, mərasimdə çıxış edən AZƏRTAC-ın baş direktoru Aslan Aslanov bildirib ki, hazırda agentlik regionda 7 dildə informasiya və 5 dildə videoxəbər yayır.
Regionda böyük nüfuza malik olduqlarını deyən A. Aslanov qeyd edib ki, rəhbərlik etdiyi agentlik 130-a yaxın ölkə ilə informasiya mübadiləsi aparır.
A. Aslanov AZƏRTAC-ın fəaliyyətinin qarşıdakı illərdə daha da genişlənəcəyini vurğulayıb.
Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə bildirib ki, Azərbaycanın ən fədakar jurnalistləri AZƏRTAC-da çalışanlardır.
Mərasim çərçivəsində AZƏRTAC-la Türkiyənin “Anadolu” agentliyi və Sloveniya Mətbuat Agentliyi (STA) arasında əməkdaşlıq sazişləri, Rumıniyanın AGERPRESS agentliyi ilə isə Anlaşma Memorandumu imzalanıb.