Nemtsovun qatillərinin maşını tapıldı
Rusiyanın tanınmış siyasətçisi Boris Nemtsovun qatillərinin avtomobili tapılıb. APA TV-nin məlumatına görə, bu barədə REN TV telekanalı xəbər yayıb. Məlum olub ki, avtomobil Moskvaətrafı rayonların birində qeydiyyatdadır. Avtomobil “Chevrolet Lanos”-un Ukrayna versiyası olan “ZAZ Chance” modelidir.
Hüquq-mühafizə orqanlarının əməkdaşları avtomobilin qadın sahibini dindiriblər. O, avtomobili çoxdan satdığını bildirib.
İlkin ehtimala görə, Boris Nemtsovu qətlə yetirənlər əslən Rusiyanın Qafqaz regionundan olublar. Mütəxəssislər maşında ekspertiza işləri aparıb və orada istintaqa yararlı olacaq bioloji dəlillər tapıblar.
Digər yandan Nemtsovun qatilinin əsas şahidi, sevgilisi ukraynalı model Anna Duritskaya "Dojd" telekanalına müsahibə verib. A.Duritskaya qətl hadisəsinin necə baş verdiyini açıqlayıb. O, "Skype" vasitəsilə efirə bağlanıb. Modelin sözlərinə görə, cinayət hadisəsi baş verənə qədər ətrafda heç bir şübhəli şəxs və ya hərəkət müşahidə edilməyib.
"Borisi kürəyindən vurdular. Qatilin üzünü görə bilmədim. Lakin qatilin parlaq rəngli avtomobillə sürətlə hərəkət etdiyini görə bildim. Atəş açılarkən mən qar təmizləyən maşının yanına qaçdım. Tez polisə zəng vurdum", - deyə Anna Duritskaya bildirib.
Model hazırda Moskvada dostlarının evində olduğunu bildirib. Onun sözlərinə görə, evi 24 saat mühafizə edirlər. Ona Ukraynaya getmək icazə verilmir.