Atəşkəs 66 dəfə pozulub, cəbhə xəttində monitorinq keçiriləcək

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 66 dəfə pozub. Müdafiə Nazirliyindən APA TV-yə verilən məlumata görə, Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. 


Goranboy rayonunun Tapqaraqoyunlu, Tərtər rayonunun Çiləbürt, Çaylı, Göyarx, Ağdam rayonunun Yusifcanlı, Şıxlar, Şuraabad, Sarıcalı, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Xocavənd, Füzuli və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə məruz qalıb. Düşmən cavab atəşi ilə susdurulub.

 

Bu arada ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq martın 4-də Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığındakı qoşunların təmas xəttində monitorinqin keçirilməsi planlaşdırılır.


Monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik, səhra köməkçisi Xristo Xristov və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik Tuncay Sevim (Türkiyə), təmas xəttinin qarşı tərəfində isə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Yevgeni Şarov, Piter Svedberq və ATƏT-in yüksək səviyyəli planlaşdırma qrupunun nümayəndəsi polkovnik Markus Uidmer (İsveçrə) keçirəcəklər.

Müəllif | Apa.Tv
Apa.tv