Nuşirəvan Məhərrəmli: "Telekanallar üzərində "Domokl qılıncı" olmamalıyıq"
"Hazırda Azərbaycanda 13-dən çox kabel televiziyası şəbəkəsi fəaliyyət göstərir. Onların əhaliyə xidmət göstərməsində bəzi problemlər mövcuddur. Bu sahədə monitorinq aparmağa ehtiyac yoxdur".
Bunu APA TV-yə Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli deyib: "Əhalidən bununla bağlı ciddi şikayətlər gələrsə, o zaman müdaxilə edə bilərik. Amma bu, bir xidmət sahəsidir. Təbii ki, onlar xidmət göstərdikləri üçün də qazanc əldə edir. Hər bir kabel şəbəkəsi maraqlı olmalıdır ki, daha çox gəlir götürə bilsin".
Ölkədə yeni televiziya kanallarının açılmasına gəlincə, N.Məhərrəmli bunlarl deyib: "Hesab edirəm ki, Azərbaycan kimi əhalisinin sayı az olan ölkələrdə daha çox televiziya kanallarının olmasına ehtiyac yoxdur. Çünki televiziya kanallarının sayının çoxalması bütün televiziyalara ziyan olur. Reklam bazarı və maddi texniki baza, auditoriya ilə bağlı vəziyyət ürəkaçan deyil. Ona görə də hazırkı vəziyyət Azərbaycan üçün yetərlidir və qənaətbəxşdir. Amma gələcəkdə zərurət yaranarsa, yeni televiziya kanalları da açıla bilər və təbii ki, bu, mümükündür".
Bu günə kimi Milli Televiziya və Radio Şurasının televiziyaların məzmun siyasətinə qarışmadığını deyən Nuşirəvan Məhərrrəmlinin sözlərinə görə, son dəyişiklikdən sonra qurum bu sahədə diqqətini daha da artıracaq: "Bu, çox məsuliyyətli işlərdən biridir. Tezliklə monitorinq şöbəsinin apardığı araşdırmalardan sonra həll edəcəyik. Hansı televiziya kanalında Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə uyğun verilişlər olacaqsa təbii ki, o verilişlərlə bağlı qərar qəbul ediləcək. Amma düşünmürəm ki, biz telekanallar üzərində "Domokl qılıncı" olmalıyıq".
Film və seriallara ayrılmış vəsaitlər məsələsinə toxunan şura sədri bildirib ki, bununla bağlı lazımi arayış müvafiq qurumlara göndəriləcək.