“The Diplomat”: “ABŞ Rusiya və Çini ittifaqa məcbur edir”

Vaşinqton Moskva və Pekinə nəzərən siyasətini dəyişməsə, eyni zamanda Sakit Okean regionunda qüvvələr balansını köklü şəkildə dəyişsə, Rusiya ilə Çinin iqtisadi və hərbi blok yaratmaqdan başqa əlacı qalmayacaq. APA TV-nin məlumatına görə, bu barədə “The Diplomat” nəşri yazıb. Yapon analitiklərin fikrincə, ABŞ Rusiya və Çinə qarşı təzyiqləri davam etdirməklə onları sıx əməkdaşlığa məcbur edir. Rusiya-Çin iqtisadi-hərbi ittifaqının yaranmasına təsir göstərə biləcək amillər sırasında neftin qiymətlərinin ucuzlaşdırılması, Qərbin Ukrayna siyasəti, NATO-nun genişləndirilməsi, Sakit Okean regionunda qüvvələr balansını dəyişdirmək cəhdləri göstərilir. Analitiklər hesab edir ki, hazırda Rusiya-Çin münasibətlərini alyans, yaxın tərəfdaşlıq kimi dəyərləndirmək hələlik tezdir. 
 
"Düzdür, Putin və Si Tsinpinin oxşar cəhətləri çoxdur. Hər ikisi güclü liderdir və dövlətlərinin əvvəlki nüfuzunu bərpa etməyə çalışırlar. Amma hazırda bu iki ölkə arasında münasibətlərin əsasını iqtisadi əlaqələr təşkil edir. Rusiya hələlik mühüm bazar olan Avropadan imtina edə bilməz, Çin isə öz əsas ticarət tərəfdaşı olan ABŞ-ı qurban verməyə hazır deyil”. 
 
Bununla belə, analitiklər hesab edir ki, Qərb bu iki ölkə üçün ciddi təhdid təşkil etməyə başlasa, Rusiya və Çin hərbi ittifaq qura bilər. Bunun baş verməməsi üçün ABŞ bu ölkələrə qarşı siyasətini dəyişməli, Ukrayna böhranının həllinə Rusiyanın təcridi nöqteyi-nəzərindən baxmamalı, Asiyada qüvvələr balansını dəyişmək cəhdindən imtina etməlidir. 

Müəllif | Apa.Tv
Apa.tv