Çexiyalı nazir: "Ötən il idxal etdiyimiz neftin 31,5 faizi Azərbaycan nefti olub "
"Çexiya ilə iqtisadiyyatın müxtəlif sahələrində, xüsusən də İKT sahəsində əməkdaşlığı genişləndirməkdə maraqlıyıq”.
APA TV-nin xəbərinə görə, bunu Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Azərbaycan-Çexiya biznes forumunda çıxışında deyib. Nazir hazırda 16 Çexiya şirkətinin Azərbaycana kapital yatırdığını və bu kapitalın əsasən təhsil, İKT, turizm və s. sahələri əhatə etdiyini bildirib: "Bu gün Çexiya ümumilikdə Azərbaycan iqtisadiyyatına 1,5 mlrd. dollardan çox investisiya yatırıb. Çexiya şirkətləri tərəfindən Azərbaycanda həyata keçirilən 6 layihənin ümumi dəyəri 2 mlrd. diollar təşkil edəcək. Azərbaycanla Çexiya arasında müştərək şirkətin yaradılması və Azərbaycan kənd təsərrüfatı məhsullarının bu ölkəyə ixrac edilməsi təklif olunub. Belə bir müştərək şirkətin yaradılması iki ölkə arasında ticarət dövriyyəsinin daha da artmasına səbəb olacaq”.
Çexiyanın sənaye və ticarət naziri Yan Mladek ölkəsi ilə Azərbaycan arasında uzunmüddətli qaz tədarükündə maraqlı olduğunu bildirib: “Hazırda Çexiya Azərbaycandan neft idxal edir. Bu, bizim üçün çox vacibdir. 2014-cü ildə neft idxalının 31,5%-i Azərbaycan nefti hesabına təmin edilib. Bu gün Çexiyanın idxal etdiyi neftin 2/3 hissəsi Rusiyadan idxal edilir. Bu səbəbdən biz bir neft mənbəyindən asılı olmaq istəmirik”.
Çexiyalı nazir Trans-Anadolu qaz kəməri layihəsinin inşasını və Azərbaycan qazının bu marşrutla ixracını çox mühüm adlandıraraq deyib ki, “Nabucco”, “Cənub axını” layihələrinin baş tutmadığı, “Türkiyə axını”nın isə uzunmüddətli layihə olduğu şəraitdə TANAP ən real layihədir.