DSMF Şəkidə “Açıq qapı günü” keçirib
Dövlət Sosial Müdafiə Fondu “Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq Şəkidə “Açıq qapı günü”-vətəndaş forumu keçirib. Azərbaycanın sığorta-pensiya sisteminin xüsusiyyətlərindən ətraflı bəhs olunan regional tədbirə Şəki, Qax, Zaqatala və Balakən rayonlarından olan sığorta ödəyiciləri və pensiyaçılar qatılıb. Forumda bildirilib ki, 2014-cü ilin nəticələrinə əsasən, yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 192,3 manatdır və ölkə üzrə orta aylıq əməkhaqqının 43,5 faizini təşkil edir ki, bu da Avropa Sosial Xartiyasının tələblərinə tam cavab verir. Hazırda pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurub.
Tədbirdə “Sosial sığorta haqqı gələcək pensiya təminatının əsas vasitəsi kimi” adlı təqdimat olub. Bildirilib ki, pensiya sistemində sığorta prinsiplərinin gücləndirilməsi sığorta haqqı normativinin strukturunda sığortaolunanın məsuliyyətinin tədricən artırılmasını zəruri edir. Bu məqsədlə sığorta haqqı normativinin müəyyən hissəsinin işəgötürənin üzərindən tədricən işçinin üzərinə keçirilməsi planlaşdırılır.
DSMF-nin şöbə müdiri Famil Qədimov deyib ki, tədbirdə əsas məqsəd hər bir şəxsin ödədiyi dövlət sosial sığorta haqlarının onların gələcək pensiya təminatında əsas vasitə olduğunu izah etməkdir.
Regional “Açıq qapı” günü iştirakçıların mövzu ilə bağlı təkliflərinin müzakirə olunması və onların çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.