Komitə sədri: "Bəzi bölgələrdə yuxarı siniflərdə oxuyan qızların sayı azalıb"
"Bizi narahat edən məsələ qızların təhsilinin davam etdirilməsi, xüsusilə də onların peşə və ixtisas seçimlərində gender balansının təmin olunmasıdır". APA TV-nin xəbərinə görə, bunu Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova "Gənclərin peşə seçiminin gender aspektləri" mövzusunda keçirilən konfransında deyib. Onun sözlərinə görə, bir sıra bölgələrdə üst sinifdə oxuyan qızların sayı azalıb. Bunun da əsas səbəblərindən biri erkən nikahdır: "İllərlə "qadın peşəsi", "kişi peşəsi" adı altında ixtisasların ayrılması sonrakı mərhələlərdə vətəndaşlara, xüsusilə qadın və uşaqlara, ümumi halda isə genefonda mənfi təsir edə bilər".
Komitə sədrinin sözlərinə görə, məişət zorakılığına məruz qalan qadınlarla bağlı aparılan təhlillər təsdiq edir ki, az təhsilli və iqtisadi cəhətdən asılı olan qadınlar daha çox zorakılığa məruz qalır.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə deyib ki, son 6 ildə ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə sənəd verən abituriyentlərin ümumi sayı azalıb. Onun sözlərinə görə, artıq ikinci ildir ki, qəbul imtahanlarında iştirak etmək üçün ərizə verən abituriyentlər arasında oğlanların sayı qızlardan çox olub.
Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, gender müxtəlifliyi eyni zamanda təhsil almaq prosesinə də təsir göstərir. Nazir müavini peşə təhsilinin olmaması məsələsinə də toxunub.
Azərbaycan Texniki Universitetində “Qəbul və buraxılış imtahanlarının nəticələrinin gender aspektləri” mövzusunda konfrans keçirilib.