İraq ordusu 100 İŞİD terrorçusunu məhv edib
Tikrit şəhərinin yarısı İraq qoşunlarının nəzarətinə keçib. Səlahəddin vilayətinin paytaxtı və İraqın devrilmiş lideri Səddam Hüseynin vətəni olan Tikritin azad edilməsi üçün ötən gün böyük əməliyyat başlanıb. Hərbi mənbələrdən verilən məlumata görə, şəhərin yarısı İŞİD terrorçularından azad edilib. Tikrit, Əl Dor və Əl Aləm bölgələrində həyata keçirilən əməliyyatda 100 terrorçu öldürülüb. APA Tv-nin xəbərinə görə, bundan başqa 18 könüllü ölüb, 35-i yaralanıb. Əl Dor rayonunda gedən döyüşlərdə İŞİD-in lideri Əbu Bəkr Əl Bağdadinin xalası oğlu Hamid Əl Səbinin öldürüldüyü açıqlanıb.
Səlahəddin valisi Raid Əl Cuburi hücumlar qarşısında İŞİD-in çökdüyünü, Əl Dor rayonuna İraq bayrağının asıldığını bildirib. Onun sözlərinə görə, rayonun bir hissəsi terrorçulardan azad edilib.
İŞİD-in Tikritdəki döyüşlərdən Kərkükə bağlı Havice rayonuna qaçan 11 komandanı xəyanətdə günahlandıraraq güllələdiyi qeyd olunur.
İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) komandanlarından olan Qasım Süleymani də döyüşlərə rəhbərlik edir. Süleymani İraqda ilk dəfə açıq şəkildə əməliyyatlarda yer alır.
30 min nəfərin qatıldığı əməliyyatın başladığını İraqın baş naziri Heydər Əl İbadi ötən gün televiziyadan elan etmişdi.
Tikrit İraqın paytaxtı Bağdadın 130 kilometrliyində yerləşir. May ayında azad edilməsi nəzərdə tutulan Mosul şəhəri ilə Bağdad arasında əsas nəqliyyat əlaqəsi Tikritdən keçir.