Biləcəridə İran vətəndaşına məxsus anbar yanıb

Ötən gecə Binəqədi rayonu ərazisində güclü yanğın olub. APA TV-nin məlumatına görə, hadisə Biləcəri qəsəbəsində İran vətəndaşına məxsus istehsal sexinin anbarında baş verib. Rəng və digər tez alışan maddələrin saxlandığı anbardakı yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətt xidmətinə məlumat verilib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlər təhlükəli maddələrin olduğu anbardakı yanğının genişlənməsinə və daha ciddi fəsadlar törətməsinə imkan verməyiblər.

 

Fövqəladə Hallar Nazirliyi mətbuat xidmətinin məlumatına görə, ümumi sahəsi 1300 kv.m olan sexin anbarının yanar konstruksiyaları və içərisində avadanlıqlar 250 kv.m sahədə yanıb. Sexin qalan hissəsi yanğından mühafizə olunub. 

 

Müəllif | Apa.Tv