Göyçay sakini həyətinə düşən yırtıcı quşu bəsləyir
Göyçay sakini ev quşlarına və qoyun-quzuya qənim kəsilən quzğunu tutub. APA TV-nin yerli bürosunun xəbərinə görə, rayon sakini Səxavət Qəhrəmanov təsadüf nəticəsində yaşadığı evin həyətinə düşən vəhşi quşu tutaraq onu bəsləyir. Əvvəlcə hündür ağaca oturan və oradan həyətə düşən xəstə quzğun baytar həkimlərin köməyi ilə müalicə edilib və yaxşı qidalandıqdan sonra sağalıb. Səxavət vəhşi quşu insanların toyuq-cücəsinə, qoyun-quzusuna ziyan vurmaması üçün bayıra buraxmayıb və 200 manat xərcləyərək dəmir qəfəs düzəltdirib və bəsləyib. O, hər gün quzğunun qidalanması üçün qəssabxanalarda kəsilən heyvanların baş-ayağını, lazımsız ətləri toplayır. Quzğunu bəsləməyə böyük maraq göstərən Səxavət Qəhrəmanov hər gün onun qidalanması üçün 5 manat pul xərclədiyini deyir. Hazırda rayonun yüzlərlə sakini və qonaqlar Səxavətin bəslədiyi quzğunu görmək marağındadır. Quzğun görkəminə görə onu görənləri heyran edir.
Əsasən isti ölkələrdə yaşayan quzğunlara Azərbaycanda təsadüfən rast gəlinir. Quzğunlar güclü çöl quşu olduğu üçün onlar ov üçün yerə enərkən nadir hallarda insanlara tabe olurlar. Səxavətin bəslədiyi quzğun isə xəstə olduğu üçün yaşadığı ölkəyə qayıda bilməyib və Göyçaya düşüb. Səxavət hazırda quzğunun tam sağlam olduğunu və onu heyvanxanadan istəyən olsa, verəcəyini deyir. O, əvvəllər tutub bəslədiyi vaşağı bir müddət sonra heyvanxanaya verdiyini deyir.