Rəmişin qardaşının evi yandı

Bakının Yasamal rayonunda yanğın hadisəsi olub. APA TV-nin məlumatına görə, hadisə Ələsgər Ələkbərov küçəsində baş verib. Beşmərtəbəli yaşayış binasının birinci mərtəbəsində Vaqif Hüseynova məxsus mənzildə qəfildən yanğın başlayıb. Əvvəlcə yanğının qarşısını qonşular almağa çalışıblar. Lakin alov güclü olduğundan Fövqəladə Hallar Nazirliyinin 112 qaynar xətt xidmətinə məlumat verilib.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin texnikası və canlı qüvvəsi cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində alovun qarşısı alınıb. İlkin ehtimala görə, yanğın mənzildəki kompüterdən başlayıb.

 

Yanğın zamanı bir neçə nəfər tüstüdən zəhərlənib. Hadisə yerinə gələn təcili tibbi yardım briqadaları zərərçəkənlərə hadisə yerində ilkin tibbi yardım göstəriblər.

 

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə beşmərtəbəli yaşayış binasında vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 4 otaqlı mənzilin 2 otağı, dəhlizi və vanna otağının yanar konstruksiyaları 30 kv.m sahədə yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən binadan 15 nəfər sakin təhlükəsiz yerə təxliyyə olunub. Evin qalan hissəsi yanğından mühafizə olunub.

 

Qeyd edək ki, yanğın baş verən mənzilin sahibi Vaqif Hüseynov tanınmış gitaraçı, Rəmiş kimi tanınan xalq artisti Rafiq Hüseynovun qardaşıdır. Rəmiş APA TV-yə açıqlamasında bildirib ki, qardaşı Vaqif Hüseynovla münasibətləri uzun müddətdir, pozulub və onun evinin yanmasından xəbərsizdir.

 

 

Müəllif | Apa.Tv