Ali Radada deputatlar yumruq davasına çıxdılar

Ukrayna parlamenti ötən gün deputatlar arasında dava ilə yadda qalıb. Deputatlar Oleq Lyaşko və Sergey Melniçuk arasında dava düşüb, spiker gündüz iclasını yarımçıq saxlayıb. Davada Radikal Partiyadan olan digər deputatlar da iştirak ediblər.

 

APA TV-nin xəbərinə görə, Ali Radanın axşam iclasına da vaxtında başlamaq mümkün olmayıb. Spiker Vladimir Qroysman parlament zalında yenidən dalaşan deputatlara görə axşam iclasını 30 dəqiqə gec başlayıb.

 

Radikal Partiyanın parlament fraksiyasının lideri Oleq Lyaşko "Xalq iradəsi" fraksiyasının rəhbəri İqor Yeremeyevə yaxınlaşaraq, gündüz onunla dalaşan Sergey Melniçukun zaldan çıxarılmasınə tələb edib. Onun bu tələbi iki fraksiyadan olan deputatlar arasında gərginliyi qızışdırıb.

 

Qeyd edək ki, Sergey Melniçuk parlamentə Radikal Partiyadan seçilib. Lakin bir müddət sonra onu bu partiyanın fraksiyasından çıxarıblar, Melniçuk isə "Xalq iradəsi" fraksiyasına keçib.

 

Müəllif | Apa.Tv