Bakıda Xәzәrin hüquqi statusu ilә bağlı işçi qrupun 39-cu iclası keçirilir
"Azərbaycan ölkәlәrin suveren hüquqlarının dәstәklәnmәsi çәrçivәsindә Xәzərin hüquqi statusunun müəyyənləşdirilməsi vә qarşılıqlı əməkdaşlıq çәrçivәsindә bütün prosesin danışıqlar yolu ilə həll edilməsinin tərəfdardır".
APA TV-nin xəbərinə görə, bunu Azәrbaycan xarici işlәr nazirinin müavini Xәlәf Xәlәfov Xәzәrin hüquqi statusu ilә bağlı işçi qrupun Bakıda keçirilən 39-cu iclasında deyib. X. Xələfov bildirib ki, 2010-cu ildə dövlət başçılarının Bakı sammiti əsas məsələlərə, xüsusilә su sәthinin bölünmәsi vә bioloji resursların qorunması ilә bağlı mәsәlәlәrə yeni impuls verib: "Mәn tәrәflәr arasında regional sabitlik, tәhlükәsizlik vә Xәzәrdә iqtisadi fәaliyyәtlә əlaqədar qarşılıqlı etimadın vacibliyini qeyd etmәk istәrdim. Xəzər dənizi nəqliyyat dəhlizlərində və bir sıra beynəlxalq layihələrdə vacib rol oynayır. Bu baxımdan Xəzər dənizini Qara dəniz və Aralıq dənizi ilə birləşdirən layihələr, Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Bakı-Tbilisi-Әrzurum qaz xәttini qeyd etmәk istәyirәm. Bu layihələr ölkələrin iqtisadi inkişafı və rifahının artmasına təkan verəcək”.
İclasın keçirilməsində mәqsәd Xəzər dənizinin hüquqi statusunun müəyyən edilməsinə dair Konvensiyanın hazırlanması üçün danışıqların aparılması vә bu il Astanada keçirilmәsi planlaşdırılan sammitin gündәliyinin vә tarixinin müәyyәnlәşdirilmәsidir. Tәdbirdә Azәrbaycandan xarici işlәr nazirinin müavini Xәlәf Xәlәfov, onun iranlı hәmkarı İbrahim Rәhimpur, Qazaxıstandan XİN-in xüsusi tapşırıqlar üzrə səfiri Zülfiyə Amanjolova iştirak edirlәr.