Amerikalı komandan: “Separatçılar məğlubiyyətə uğrayarsa, Rusiya Ukraynaya əlavə qoşun yeridəcək”
ABŞ-ın Avropadakı quru qoşunları komandanı, general Ben Xocces Moskvaya qarşı sərt ittihamlar irəli sürüb. APA TV-nin məlumatına görə, general Rusiyanın Ukraynanın şərqində 12 min hərbçi saxladığını iddia edib. O, bu rəqəmə Krımda saxlanılan 29 minlik hərbi birləşməni də əlavə edib. General Ukrayna sərhədinə yaxın ərazilərdə 50 min rus əsgərinin də hazır vəziyyətdə dayandığını bildirib. Amerikalı komandan hesab edir ki, Şərqi Ukraynada separatçılar məğlubiyyətə uğrayarsa, bu hərbi birləşmələr hərəkətə keçəcək. Ben Xosses separatçıların ağır texnika ilə təmin olunmasında da Rusiyanı günahlandırıb: "Hökumət qüvvələrinə qarşı döyüşən şəxslər bu cür texnikanı evlərinin zirzəmisində hazırlaya bilməzdi. Ola bilər ki, bəzi hallarda hərbçilərdən bu texnikalar qənimət kimi götürülüb. Amma xüsusilə ağır texnikanın və raket sistemlərinin Rusiyadan gətirildiyinə biz şübhə etmirik".