Nazirlik: Süni qiymət artımına yol verənlər cəzalandırılacaq

İqtisadiyyat və Sənaye Nazirliyinin istehlak bazarında apardığı monitorinqlər zamanı daha bir marketin fəaliyyətində nöqsanlar aşkarlanıb. Nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Abşeron rayonu, Abşeron Gənclər Şəhərciyi ünvanında Əhəd Əhədova məxsus “Seval” marketdə aparılan yoxlama zamanı malların yarlığındakı qiymətlərlə nəzarət-kassa aparatının fiskal yaddaşında olan qiymətləri arasında fərq yaratmaqla, əsassız qiymət artımına yol verildiyi, bununla da istehlakçıların qiymətdə aldadıldığı aşkarlanıb.

 

Xidmətin şöbə müdiri Şahin Nağıyevin APA TV-yə verdiyi məlumata görə, qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb: "Ölkə ərazisini və bütünlükdə istehlak bazarını əhatə edən monitorinqlər zamanı bəzi ticarət obyektlərində bir sıra ərzaq malları üzrə süni qiymət artımı, habelə süni qıtlıq yaratmaq məqsədilə məhsulların dövriyyədən çıxarılması halları müəyyən edilib. Bununla əlaqədar, həmin malların istehlak bazarında əsas təchizatçıları barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılıb və qanunvericiliyə uyğun tədbirlər görülür".

 

Şahin Nağıyev bildirib ki, hazırda əsas ərzaq məhsulları və dərman preparatları satışı bazarında qiymətlər sabitdir: "Son günlər aparılan monitorinqlər göstərir ki, çörəyin qiyməti stabil olaraq qalıb. Ümumilikdə hazırda istehlak bazarında qiymətlər sabitdir. Bu sahədə aparılan nəzarət tədbirləri də davam etdirilir".

 

Nəzarət tədbirlərinin davam etdiyini deyən xidmət rəsmisi bir daha xəbərdarlıq edir ki, süni qiymət artımına və sui-istifadə hallarına yol verən təsərrüfat subyektləri barədə qanunvericilikdə nəzərdə tutulmuş ən ciddi tədbirlər görüləcək. Hər hansı məhsulun qiymətində əsassız və süni artım görənlərin nazirliyin qaynar xəttinə (195-2 və 498 15 01, 498 15 04) müraciət etmələri xahiş olunur.

 

 

Müəllif | Apa.Tv