I Avropa Oyunlarının biletlərinin qiyməti açıqlandı - YENİLƏNİB

Bu il ölkəmizin adına yazılacaq tarixi hadisələrdən biri də ilk Avropa Oyunlarıdır. Tam 100 gündən sonra dünyanın diqqəti ölkəmizə yönələcək. Bu vaxt ərzində oyunlaın keçiriləcəyi məkanlar təhvil veriləcək və bütün təşkilatı işlər yekunlaşacaq.

 

APA TV-nin xəbərinə görə, "Bakı 2015"-in startına 100 gün qalması ilə əlaqədar keçirilən tədbirdə medalların təqdimatı keçirilib. Çəkisi 380 qram olacaq medalları ölkəmizin məşhur idmançıları nümayiş etdirib.

 

Medalların tərtibatı Soçi-2014 qış olimpiya və paralimpiya oyunlarının medallarını hazırlamış məşhur zərgər brendi Adamasla azərbaycanlı rəssam Nərgiz Hüseynovaya məxsusdur. Medallar “Azersuvenir” şirkəti tərəfindən Azərbaycanda istehsal ediləcək.

 

Avropa Oyunları Əməliyyat Komitəsinin Əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib ki, bu, Azərbaycan üçün böyük imkandır. Burada ölkə müstəqillik illərində qazandığı nailiyyətləri də nümayiş etdirəcək. O, əlavə edib ki,  bu təşkilatçılıq təcrübəsi gələcəkdə Formula-1 yarışlarında və İslam Həmrəyliyi Oyunlarında da köməyə gələcək.

 

Tədbirdə I Avropa Oyunlarında biletlərin qiymətləri də açıqlanıb. Böyüklər üçün biletlərin qiyməti 2-5 manat olacaq. Bu rəqəm yarışların mərhələsi, keçirildiyi məkan və oturacaq kateqoriyasından asılı olaraq dəyişəcək. Şəxsiyyəti təsdiq edən sənədləri olan 18 yaş və ondan yuxarı şəxslərin himayəsində etibarlı biletləri olan uşaqlar və yaşı 16-dan az olan yeniyetmələr əksər yarış məkanlarına pulsuz giriş əldə edəcəklər.

 

Lakin Heydər Əliyev adına idman arenasında və Milli Gimnastika arenasında keçirilən yarışlar istisna təşkil edəcək. Burada 16 yaşından kiçiklər üçün biletlər sadəcə 1 manat olacaq. Açılış və bağlanış mərasimlərində bütün yaş qruplarından olan azarkeşlər üçün qiymətlər fərqli və əlverişli olacaq. Açılış mərasiminə biletlərin qiyməti 20 manatdan, bağlanış mərasiminə isə 10 manatdan başlayacaq. Biletlər bu ayın sonu satışa çıxarılacaq.

 

Müəllif | Apa.Tv