Bakıda təhlükə ilə üzləşən fəhlələr xilas edilib

Bakıda təhlükə ilə üz-üzə qalan fəhlələr xilas edilib. APA TV-nin Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhəri Nərimanov rayonunda 3 nəfərin köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

 

Xilasedicilər əməliyyat şəraitini qiymətləndirərkən məlum olub ki, üç nəfər sökülməkdə olan təqribən 75 metr hündürlüyündə dəmir-beton konstruksiyalı borunun üzərində köməksiz vəziyyətdə qalıblar.

 

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə vətəndaşları aşağı endirərək xilas edib.

 

Təhlükə ilə üzləşən fəhlələrin 1989-cu il təvəllüdlü Axundov Telman Əliyusif oğlu, onun qardaşı 1995-ci il təvəllüdlü Şamo Axundov və 1993-cü il təvəllüdlü Cəbrayılov Elton Əlibala oğlu olub.

 

Müəllif | Apa.Tv