Namiq Həsənov: "Ziya Bünyadov prospekti mayda açılacaq"
"Yeni təmir və inşa olunan Ziya Bünyadov magistral yolu aprel-may aylarında tamam istifadəyə veriləcək".
Bunu APA TV-yə Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənov bildirib. Onun sözlərinə görə, I Avropa Oyunlarına hazırlıq çərçivəsində prospektdə təmir-tikinti işləri mərhələli şəkildə həyata keçirilib: "Aprel və may aylarında Ziya Bünyadov prospektində avtomobillərin hərəkəti üçün ilk sınaq testləri keçiriləcək. Çünki oyunlar öncəsi yolda hansı çatışmazlıqların olduğunu müəyyən etmək lazımdır. Yol boyu dayanacaqların, kommunikasiya xətlərinin vəziyyəti bir daha yoxlanılacaq. Aşkar olunan nöqsanlar aradan qaldırılacaq".
Namiq Həsənov əlavə edib ki, layihəyə əsasən Qələbə dairəsindən başlanan Ziya Bünyadov magistral yolu ilə hərəkət edən avtomobillər birbaşa metronun Koroğlu stansiyası ətrafına gələ biləcək. Bununla da Avropa Oyunlarında iştirak edəcək şəxslərin gediş-gəlişi tamamilə asanlaşacaq. Bu məqsədlə Qələbə meydanında olan dairə artıq bağlanaraq bu ərazidə avtomobillərin gediş-gəliş istiqaməti dəyişdirilib.