MTN-dən əməliyyat: Azərbaycanda şəriət dövləti qurmaq istəyənlər tutuldu

Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həyata keçirdiyi antiterror əməliyyatı nəticəsində terrorçuluğa hazırlıq və digər ağır cinayətlərin törədilməsində şübhəli bilinən Azərbaycan vətəndaşları – Xəlilov Niyaməddin İltifat oğlu, Bəyimov Rufis Əhməd oğlu, Həşimli Rəşad Şövkət oğlu, Musayev İlqar Fikrət oğlu, Rzayev Anar Rza oğlu və Abdullayev Ceyhun Fazil oğlu saxlanılıblar.

 

MTN-in İctimai Əlaqələr İdarəsindən APA TV-yə verilən məlumata görə, onların üzərindən və mənzillərindən 4 ədəd “Makarov” tipli tapança, 1 ədəd “TT” tipli tapança, 5 ədəd tapança darağı, 35 ədəd patron, 1 kiloqrama yaxın trotil şaşkası, 2 ədəd “RQD-5” tipli əl qumbarası aşkarlanıb.

 

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Həmin şəxslər təqsirləndirilən şəxs qismində cəlb olunaraq məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

 

Müəyyən edilib ki, şəriət qaydaları ilə idarə olunan dövlət qurmaq məqsədilə Azərbaycanda ictimai-siyasi sabitliyi pozmaq, təxribat-pozuculuq və terrorçuluq aksiyalarını törətmək və “cihad etmək” üçün 2014-cü ilin noyabr ayında adları çəkilən şəxslər və qeyriləri mütəşəkkil dəstə yaradaraq, özlərinə “əmir” də təyin ediblər.

 

Dəstə üzvləri “cihad” üçün əvvəlcə pul vəsaiti əldə etmək məqsədilə Azərbaycanda yaşayan, “kafir” hesab etdikləri, “qanını və malını” özlərinə “halal” bildikləri müxtəlif zəngin şəxsləri qarət etməyi və əldə olunacaq vəsait hesabına hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı sui-qəsdlərin və ölkə ərazisində müxtəlif yerlərdə terrorçuluq aksiyalarının həyata keçirilməsini planlaşdırıb.  Onlar odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə edərək terrorçuluq aksiyalarının törədilməsi üçün hazırda istintaqla araşdırılan mənbədən xeyli sayda silah-sursat əldə etmiş və mütəşkkil dəstənin  tərkibində vəzifə bölgüsü aparıblar.

 

Məlum olub ki, dəstə üzvləri tez bir zamanda külli miqdarda pul vəsaiti əldə etmək üçün Mərdəkan qəsəbəsindəki bağ evlərindən birini qarət etdikdən sonra, 2014-cü ilin noyabr ayında quldurluq məqsədilə Qəbələ rayonundakı “Soyuq bulaq” restoranının sahibinin evinə daxil olaraq onu qətlə yetiriblər. Bundan sonra daha bir neçə hüquqazidd əməllər törədən dəstə üzvləri noyabr ayının sonunda gecə saatlarında Bakı şəhərinin Əhmədli qəsəbəsində və Binəqədi rayonu ərazisində yerləşən ticarət obyektlərinə qanunsuz daxil olaraq oradan xeyli miqdarda müxtəlif ləvazimat, ərzaq məhsulları, eləcə də çoxlu sayda sim-kart oğurlayıblar. 2015-ci ilin fevral ayında isə dəstə üzvləri Sumqayıt şəhərində “VAZ 2106” markalı avtomobili oğurlayaraq, həmin avtomaşınla əvvəlcədən planlaşdırdıqları quldurluq əməlini törətmək məqsədilə Göyçay rayonuna gəliblər. Lakin iradələrindən asılı olmayan səbəbdən planlaşdırdıqları həmin cinayəti həyata keçirə bilmədən Bakıya qayıdıblar. Keçirilən anti-terror tədbirləri nəticəsində mütəşəkkil dəstə zərərsizləşdirilib.

Müəllif | Apa.Tv
Apa.tv