Əli Həsənov: “l Avropa Oyunları öz möhtəşəmliyi ilə yaddaşlarda qalacaq”
“Avropa Olimpiya Komitəsi Azərbaycanda l Avropa Oyunlarının keçirilməsi ilə bağlı qərar qəbul etdikdən sonra ötən dövr ərzində Təşkilat Komitəsi bu mühüm beynəlxalq idman tədbirinin yüksək səviyyədə təşkili üçün mühüm işlər görüb. Yeni idman qurğularının tikintisi, artıq mövcud olan qurğuların yenidən bərpa olunması, sosial və nəqliyyat infrastrukturunun dünyada mövcud olan qabaqcıl standartlara uyğun təkmilləşdirilməsi, qonaqların yerləşdirilməsi, təhlükəsizlik və digər bu kimi məsələlər uğurla həll olunur və artıq başa çatmaq üzrədir. Avropa Olimpiya Təşkilatı öz açıqlamalarında görülən işləri yüksək qiymətləndirib. Bütün bunlar əminliklə onu deməyə əsas verir ki, Azərbaycanda keçiriləcək l Avropa Oyunları öz möhtəşəmliyi ilə yaddaşlarda qalacaq”.
APA-nın məlumatına görə, bu açıqlama ilə Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edib.
“Təəssüf ki, davamlı şəkildə Azərbaycanın iqtisadi, sosial, siyasi, humanitar və digər sahələrdə əldə etdiyi uğurları gözdən salmağa çalışan bəzi yerli qruplar və xarici dairələr bu fürsəti də əldən vermək istəmir və l Avropa Oyunlarını ölkəmizə qarşı həyata keçirilən “qara piar” kampaniyasının baş mövzusuna çevirməyə çalışırlar. “Amnesty İnternational” təşkilatının l Avropa Oyunlarını boykot çağırışı, oyunlara hazırlıqla bağlı həyata keçirilən tədbirlər haqqında dezinformasiyaların dövriyyəyə buraxılması, xarici KİV-də sifarişlə yerləşdirilən qərəzli, qeyri-obyektiv materiallar və digər məsələlər bu cəhdlərin bariz nümunələridir”, - deyə Ə. Həsənov vurğulayıb.