Bakıda maşınlara qənim kəsilən oğru tutuldu

Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları Bakıda maşınları qarət edən şəxsi saxlayıblar. APA TV-nin məlumatına görə, polis əməkdaşları Binəqədi rayon sakini, 24 yaşlı Məmmədov Adil Qəzənfər oğlunu gecə saatlarında "28 May" metrostansiyası yaxınlığında avtomobillərdən birini qarət edən zaman tutublar. A.Məmmədov ilkin dindirilmə zamanı cinayətini etiraf edib. Məlum olub ki, bu, onun ilk oğurluğu deyil. Bundan əvvəl də o, bir neçə dəfə paytaxtın müxtəlif yerlərində maşınları qarət edib. Hətta oğurluq etdiyinə görə məhkumluq həyatı da yaşayıb. 

 

Adil Məmmədov bildirib ki, maşınların şüşələrini daşla sındırıb, qapısını açırmış. Daha sonra oradan oğurladığı qiymətli əşyaları, pulları və maşın hissələrini "qara bazar"da dəyər-dəyməzə satırmış.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif | Apa.Tv