“Azeri Observer” jurnalının təqdimatı keçirilib
Bakıda ingilis dilində nəşr olunan “Azeri Observer” jurnalının təqdimat mərasimi keçirilib. APA TV-nin məlumatına görə, tədbiri giriş sözü ilə “Azeri Observer” jurnalının baş direktoru Fazil Abbasov açıb. Jurnalın baş direktoru Fazil Abbasov çıxışında bildirib ki, indiyə qədər “Azeri Observer” jurnalının 4 sayı çap olunub. Jurnalın hər sayı Beynəlxalq Media Mərkəzinin newspaperdirect.com saytında yerləşdirilir. Onun sözlərinə görə, “Azeri Observer”in tematikası rəngarəngdir. Jurnalda Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusun rəhbərlərinə geniş yer verilib. Ölkənin tarixindən, turizmindən, mədəni, iqtisadi, elmi həyatından yazılar çap olunur. Habelə, jurnalda ədəbiyyat və karikatura guşələri də mövcuddur.
Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov “Azeri Observer” jurnalının əsas məqsədinin ölkənin iqtisadi, mədəni, idman həyatında baş verənləri peşəkar şəkildə Azərbaycanda yaşayan ingilis dilli insanlara çatdırmaq olduğunu söyləyib. O qeyd edib ki, bu jurnalda peşəkarlar çalışır. Mətbuat Şurası “Azeri Observer” jurnalının gələcəyinə inanır.
İtaliyanın Azərbaycandakı səfiri Ciampaolo Kutillo “Azeri Observer” jurnalının yarandığı gündən Azərbaycan-İtaliya münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verdiyini qeyd edib.
Tədbirdə həmçinin “Azeri Observer” jurnalının İtaliyada bürosunun açılmasının təqdimatı keçirilib. İtaliya bürosunun rəhbəri Covanni Bella jurnalda İtaliya-Azərbaycan əlaqələrini əks etdirən xüsusi bölmənin yer aldığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Qeyd edək ki, “Azeri Observer” jurnalı “Assa-İrada” beynəlxalq xəbər agentliyi tərəfindən təsis edilib.