Bakı məktəblərinin I siniflərinə şagirdlərin elektron qəbulu başladı
Bu gündən Bakı məktəblərinin I siniflərinə şagirdlərin elektron qəbuluna başlanıb. Təhsil Nazirliyi 2015/2016-cı tədris ilindən etibarən ilk olaraq Bakı şəhərində fəaliyyət göstərən ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların I siniflərinə uşaqların qəbulunda optimal və səmərəli icra mexanizmi yaratmaq məqsədilə həmin prosesin elektron sistem vasitəsilə həyata keçirilməsini qərara alıb.
Ümumtəhsil məktəblərinin I siniflərinə qəbul üçün valideynlərin (digər qanuni nümayəndələrin) elektron ərizələrinin bu sistemdə qeydiyyatı martın 5-dən sentyabrın 15-dək www.mektebeqebul.edu.az saytı vasitəsilə aparılacaq. Qeydiyyat valideynin (digər qanuni nümayəndənin) özü tərəfindən onlayn və ya istəyi əsasında hər bir məktəbdə yaradılacaq elektron sənəd qəbulu komissiyasında, ya da Bakı şəhərinin hər inzibati rayonunda fəaliyyət göstərəcək alternativ sənəd qəbulu komissiyası tərəfindən aparılacaq.
Bakı şəhəri üzrə I sinfə qəbul müsabiqə əsasında aparılan müəssisələrə, lisey və gimnaziyalara da qeydiyyat elektron formada martın 15-dən aprelin 15-dək, seçim üçün müsabiqələr (imtahanlar) isə aprelin 15-dən mayın 15-dək həyata keçiriləcək.