"Çelyabinsk İlham" “Köhnə Yerevan”da iş adamından 160 min dollar haqq alıb? - İDDİA
Rusiyanın Çelyabinsk şəhərində azərbaycanlı avtoritet İlham Osmanovun həbs olunmasının bəzi təfərrüatları məlum olub. APA TV-nin “Vesti.az”a istinadən verdiyi məlumata görə, yaşadığı şəhərin "kriminal vəziyyəti”ni nəzarətdə saxlayan azərbaycanlı hədə-qorxu yolu ilə yerli iş adamından külli miqdarda pul almaqda ittiham edilir. Əgər fakt sübut olunarsa, İlham Osmanov və əlaltılarının hər birini 15 il azadlıqdan məhrum etmə cəzası gözləyir.
Çelyabinsk şəhər Polis İdarəsindən bildirilib ki, İlham Osmanovdan sonra bu iş üzrə daha bir azərbaycanlı yaxalanıb. Onun adı açıqlanmır. İlham Osmanovun iki azərbaycanlı ilə birlikdə Çelyabinskdəki "Köhnə Yerevan" adlanan kafedə yerli biznesmendən qanunsuz yolla 11,2 milyon rubl (təxminən 160 min ABŞ dolları) tələb ediblər. Azərbaycanlıların həmin şəxsin "Volkswagen Passat" markalı avtomobilini də əlindən aldıqları iddia olunur. Zərərçəkən sonradan polisə müraciət edib. Polis dərhal əməliyyat keçirib, əvvəlcə İlham Osmanovu, daha sonra isə adı açıqlanmayan digər azərbaycanlını saxlayıb. Cinayətdə təqsirləndirilən üçüncü şəxsin axtarışı davam edir. Saxlanılan zaman İlham Osmanovdan səsboğucu tapança götürülüb. Çelyabinsk Polis İdarəsindən bildirilir ki, kriminal avtoritet istintaqla əməkdaşlıqdan boyun qaçırır və suallara cavab vermir.
Xatırladaq ki, ötən il Cənubi Uralın digər iki şəhəri - Kopeysk və Kıştımın "vəziyyətinə baxan" Pyotr Pankov və Mamuka Nebieridze qətlə yetiriliblər. Onların hər ikisi sifarişlə öldürülüb. Polis hesab edir ki, bu qətllərdə İlham Osmanovun əli var.