Bakı sərnişin vağzalı yenidən qurulur

Bakı sərnişin vağzalında yenidənqurma işləri görülür. "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədov APA TV-yə deyib ki, paytaxtın giriş qapısı sayılan vağzalın müasir tələblərə cavab verməsi üçün yenidənqurma işlərinin görülməsinə ehtiyac yaranıb: "Hazırda vağzalın binasının üz qabığı sökülür . Vağzalın yeni görüntüsü köhnə memarlıq abidəsinə uyğun olaraq,  yenidən qurulacaq.  Burdakı mehmanxana da tam təmir olunacaq. Kassa zalı yenidən qurulacaq. Sərnişin zalı, insanların rahatlığı  üçün kafe istifadəyə veriləcək. Birinci mərtəbədə ticarət mərkəzi istifadəyə veriləcək.  Avropa standartlarına uyğun şərait yaradılacaq ki, sərnişinlər özlərini daha sərbəst hiss edə bilsinlər".

 

Nadir Əzməmmədov bildirib ki, I Avropa Oyunları başlayana qədər təmir-tikinti işlərinin əsas hissəsi başa çatdırılacaq: "Bu müddətədək sərnişinlərin gediş-gəlişi üçün heç bir problem yaranmayacaq. Çünki dəmiryolu vağzalının ikinci çıxış qapısı var. Bu qapı vasitəsi ilə sərnişinlər rahat kassa zalına daxil olub, bilet ala bilirlər. Təmir-tikinti işləri problemsiz başa çatdırılacaq".

 

XIX əsrin memarlıq abidələrindən olan Bakı sərnişin vağzalı 1884-cü ildə istifadəyə verilib.

 

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı