Xanhüseyn Kazımlı: "Ermənilər işğal altındakı ərazilərdə ən çox İslama aid abidələri məhv edirlər"
Bakıda “İşğal altındakı abidələrimiz: vurulmuş ziyanın qiymətləndirilməsi” mövzusunda konfrans keçirilib. APA TV-nin xəbərinə görə, konfransda Azərbaycan ərazilərinin Ermənistan Silahlı Qüvvələrinin işğalı nəticəsində itki və tələfatların qiymətləndirilməsi üzrə İşçi Qrupunun rəhbəri, deputat Xanhüseyn Kazımlı bildirib ki, 26 muzey, şəkil qalereyası, fərdi şəxslərə aid minlərlə eksponat torpaqlarımızın işğalı zamanı ermənilər tərəfindən mənimsənilərək Ermənistana aparılıb: "Bir qismi isə Almaniya, Fransaya, ABŞ-ın iri şəhərlərində satışa çıxarılıb, yaxud ermənilər üçün “nüfuzlu” bilinən şəxslərə hədiyyə edilib. Memarlıq abidələri içərisində ermənilər tərəfindən ən çox dağıntı və tələfatlara məruz qalan İslam dini abidələridir".
Xanhüseyn Kazımlı qeyd edib ki, 50 türbə, 67 məscid, 92 ziyarətgah, 106 məbəd, xalqımızın tarixini əks etdirən 262 xatirə abidəsi, 253 arxeoloji abidə, 39 qala və bu tipdən 32 körpü işğal altında məhv edilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı isə bildirib ki, erməni işğalçıları milli-mədəni abidələrimizə o cümlədən ekologiyamıza çox böyük ziyan vurur. Vurulmuş ziyan Qiymətləndirmə Komissiyası tərəfindən araşdırılır.