Namiq Həsənov: "Avtobuslarda quraşdırılan validatorlar yeniləri ilə əvəzlənir"
"Kart sisteminin tətbiq olunması məqsədi ilə avtobuslarda quraşdırılan validatorların bəziləri marşrutlardan yığışdırılıb".
Bunu APA TV-yə Nəqliyyat Nazirliyi Katibliyinin müdiri Namiq Həsənov deyib. Onun sözlərinə görə, köhnə qurğuların yığışdırılmasının əsas məqsədi onların yeniləri ilə əvəzlənməsidir: "2013-2014-cü illərin proqramına əsasən, həyata keçirilən kart sisteminə keçid bu gün də davam edir. Hazırda bir sıra avtobuslarda həmin qurğular sınaraq sıradan çıxır. Bu səbəbdən də onları yeniləri ilə əvəz edirik. Bu əvəzlənmə kütləvi şəkildə deyil, sadəcə bir sıra ortatutumlu avtobuslarda həyata keçirilir".
Namiq Həsənov deyir ki, validatorların dəyişdirilməsi sərnişinlər arasında heç bir narahatlığa səbəb olmamalıdır. Çünki yaxın vaxtlarda köhnə qurğular yeniləri ilə əvəzlənəcək. Bundan sonra sakinlər yenidən kart vasitəsi ilə gediş haqqını ödəyə biləcəklər: "Kimsə 2 manat verib gediş kartı alıbsa və istifadə edirsə, narahat olmasın. Bu kartlar onlarda depozit kimi qalır nə zaman istəsələr, geri qaytara bilərlər. Əgər validatorlar yeni modern qurğularla əvəzlənsə, onlar köhnə kartı təqdim edib, yeni kartı ala biləcəklər".
Namiq Həsənov əlavə edib ki, bu istiqamətdə gücləndirilmiş işlər həyata keçirilir, I Avropa Oyunlarına qədər işlərin yekunlaşdırılması gözlənilir.