Nazir müavini: "Minimum istehlak səbətinə daxil olan məhsullarda qiymət artımı yoxdur"
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev ölkədə milli valyutanın məzənnəsinin dəyişdirilməsinin sosial müdafiə və sosial təminat sisteminə, habelə əmək bazarına təsirlərinin müəyyən olunması üçün nazirlik tərəfindən aparılan monitorinq və qiymətləndirmə işlərinin nəticələrinə dair mətbuat konfransı keçirib. APA TV-nin xəbərinə görə, bu məqsədlə yaradılmış monitorinq qrupları respublikanın seçilmiş şəhər və rayonlarında yerləşən topdansatış ticarət müəssisələrində, bazarlarda, iri marketlərdə və xırda ticarət obyektlərində minimum istehlak səbətinə daxil olan ərzaq və qeyri-ərzaq məhsulları üzrə qiymətlərin dəyişməsi vəziyyətini aydınlaşdırıb: "Əldə olunmuş məlumatlar manatın devalvasiyasından keçən 10 gün ərzində monitorinq aparılan ticarət müəssisələrində qiymət artımının müşahidə olunmadığını göstərir. Bu, onu göstərir ki, ölkə iqtidarı vəziyyətə nəzarət edir, izləyir. Bundan istifadə etmək istəyənlərin isə qarşısı alınır və siz bunu mətbuatdan izləyirsiniz".
Əmək müqaviləsi bildirişlərindən danışan nazir müavini bildirib ki, bu ilin 1 mart tarixinə olan məlumata görə, ƏƏSMN-nin “Əmək müqaviləsi bildirişlərinin qeydiyyata alınması və bu barədə işəgötürənə məlumatın verilməsi” elektron xidməti vasitəsi ilə elektron informasiya sisteminə 1 981 273 əmək müqaviləsi bildirişi daxil edilib. Azərbaycanda aktiv əmək müqavilələrinin 37,7 %-i ali təhsilli şəxslərlə, 37,3%-i ümumi təhsilli şəxslərlə, 22,2 %-i orta ixtisas təhsilli şəxslərlə, 2,8%-i ilk peşə-ixtisas təhsilli şəxslərlə bağlanıb: “Xitam verilmiş əmək müqavilələrinin 3191 ədədi işçilərin sayının və ya ştatlarının ixtisar edilməsi ilə bağlı olub. 1 oktyabr 2014-cü illə müqayisədə 22754 işəgötürəndə 276910 ədəd aktiv əmək müqaviləsinin artımı, 6568 işəgötürəndə 43746 ədəd aktiv əmək müqaviləsinin azalması qeydə alınıb, 2876 işəgötürəndə aktiv əmək müqavilələrinin sayında dəyişiklik olmayıb".
Sistemdə məşğulluq təsnifatı üzrə 7093 vəzifə üzrə əmək müqavilələrinin bağlanmasının qeydə alındığını bildirən İ.İsayev əlavə edib ki, ən çox əmək müqaviləsi bağlanılan vəzifələr müəllim, həkim, fəhlə, sürücü, xadimə, mühəndis, satıcı, operator və s. vəzifələr, ən çox əmək müqaviləsi xitam verilən vəzifələr isə fəhlə, sürücü, satıcı, operator və s. vəzifələrdir. Göstərilən dövrdə ən çox əmək müqaviləsinə xitam verilən sahələr tikinti, ticarət, emal sənayesi, turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələri olub ki, bu da daha çox həmin sahələrdə əmək müqavilələrinin əsasən müddətli olması və işçilərin hərəkət tezliyinin yüksək olması ilə bağlıdır.
Nazir müavini bildirib ki, əmək müqaviləsinə xitam verən işəgötürənlərə qanunvericiliyin tələblərinin çatdırılması məqsədi ilə onlara müvafiq məktublar göndərilib və daha çox əmək müqaviləsinə xitam verən işəgötürənlərlə münasibətdə araşdırmalara başlanılıb. Belə hallara yol vermiş işəgötürənlərdən qanunvericiliyin müvafiq tələbinə uyğun olaraq əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyinin əsaslandırılması tələb olunub. Bu il 2 qayda pozuntusu qeydə alınıb.