Ukrayna açıqladı: İki ay sonra Donbasda genişmiqyaslı əməliyyat keçiriləcək

Ali Rada Ukrayna ordusunun tərkibini artırmaq barədə qərar qəbul edib. APA TV-nin məlumatına görə, orduda hərbçilərin sayı 250 min nəfərə çatdırılıb. 2012-ci ildən etibarən bu rəqəm 184 min nəfər təşkil edirdi. Ali Rada bu qərarını ölkədəki vəziyyətlə əsaslandırıb. Sənədi müzakirəyə təklif edən müdafiə nazirinin müavini Pavel Mexed ordunun tərkibinin səfərbərlik hesabına artırılacağını deyib. Müzakirələr zamanı "Pyotr Poroşenkonun bloku"nun lideri Yuriy Lusenko deputatları qərarın lehinə səs verməyə çağırıb. Lusenko bunun vacibliyini vurğulayaraq iddia edib ki, təxminən iki aydan sonra Donbasda yenidən genişmiqyaslı hərbi əməliyyatlar başlanacaq. 
 
Bu arada ABŞ bu ilin mart-oktyabr aylarında Ukraynaya 300 hərbçi göndərməyi planlaşdırır. Bu addımın Amerika hərbçiləri ilə Ukrayna hərbçilərinin əməkdaşlıq etmələri üçün atıldığı bildirilir. ABŞ hərbi personalı Ukraynanın qərbində - Lvov vilayətinin, Yavorovsk poliqonunda birləşmiş hərbi missiyanın tərkibində olacaq.

Müəllif | Apa.Tv
Apa.tv