Xələf Xələfov: “İnanırıq ki, Astana sammiti Xəzərin statusu ilə bağlı son sammit olacaq”
“İnanırıq ki, Astanada keçiriləcək sammit Xəzərin hüquqi statusunun müəyyənləşdirilməsi ilə bağlı son sammit olacaq”.
APA TV-nin xəbərinə görə, bu sözləri Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib: "Konvensiya qəbul olunduqdan sonra daha böyük işlər başlayır. Yenidən sammitlər olacaq, amma burada iqtisadi, təhlükəsizlik və kommunikasiya məsələləri müzakirə ediləcək. Sammitin hələlik 2016-cı ildə keçirilməsi razılaşdırılıb. Dəqiq tarix isə prezidentlərin qərarı ilə müəyyənləşəcək".
Xələf Xələfov Bakıda keçirilən işçi qrupunun iclasında bir sıra irəliləyişlərə nail olunduğunu qeyd edib: "20 il ərzində aparılan müzakirələr yaxın zamanlarda yekun razılaşmanın əldə olunmasına şərait yaradacaq. Konvensiya layihəsinin 6 maddəsi üzrə razılığa gəlmişik. Həştərxan sammitində əldə olunan razılaşmalar və sənədlər Konvensiya layihəsində öz əksini tapacaq. Xəzər üzrə hüquqi rejimin təmin olunması ilə yanaşı, Azərbaycanla ikitərəfli münasibətlər sahəsində də müzakirələr apardıq. Regionda xeyli münaqişə və böhranlar var. Biz imkan verməyəcəyik ki, sülh və əmin-amanlıq dənizi olan Xəzərə bu münaqişələr girsin".
Nazir müavini qeyd edib ki, ümumilikdə Xəzərin hüquqi statusu ilə bağlı danışıqların hazırkı mərhələsi yekun mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər.
İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur isə Xəzərin hüquqi statusunun müəyyənləşdirən Konvensiyanın 6 maddəsi üzrə tam razılıq əldə olunduğunu bildirib.