Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstana rəsmi səfər edib
Azərbaycan prezidenti İlham Əliyev Bolqarıstana rəsmi səfər edib. APA TV-nin məlumatına görə, səfər çərçivəsində Sofiyada Azərbaycan prezidentinin bolqarıstanlı həmkarı Rosen Plevneliyevlə təkbətək görüşü olub. Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin siyasi, iqtisadi, energetika, humanitar, mədəni və digər sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib, yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Azərbaycan prezidenti İlham Əliyevin Bolqarıstana rəsmi səfərinin ikitərəfli münasibətlərin daha da möhkəmlənməsi işinə böyük töhfə verəcəyi qeyd olunub. Əməkdaşlığın genişləndirilməsi üçün böyük perspektivin və yaxşı imkanların olduğu bildirilib.
Söhbət zamanı ikitərəfli münasibətlər və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Sofiyada Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşündən sonra Azərbaycan və Bolqarıstan prezidentləri “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə”ni imzalayıblar.
Sonra prezident İlham Əliyevin Bolqarıstanın baş naziri Boyko Borisov ilə geniş tərkibdə görüşü olub. Görüşdə siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu bildirilib.
Daha sonra prezident İlham Əliyevin və Boyko Borisovun mətbuat konfransı olub. Ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu deyən prezident İlham Əliyev Bolqarıstana budəfəki səfəri zamanı bu əlaqələrin müxtəlif aspektlərinin müzakirə olunduğunu söyləyib. Dövlət başçısı deyib ki, bolqar şirkətlərinin Azərbaycana investisiya qoymaq perspektivləri də böyükdür. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinə toxunan Azərbaycan prezidenti bu layihənin Avropanı Asiya ilə birləşdirməkdə mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırıb. Bolqarıstanda keçirdiyi görüşlər zamanı müzakirə olunan məsələlər içərisində enerji layihələrinin əsas mövzu olduğunu vurğulayan prezident İlham Əliyev bu baxımdan “Cənub” qaz dəhlizinin önəmindən danışıb. Bildirilib ki, TANAP və TAP layihələrinin tikintisi “Cənub” qaz dəhlizi layihəsini formalaşdırır və bundan sonra da Azərbaycan Avropanın enerji təhlükəsizliyindəki rolunu davam etdirəcək. Bolqarıstanın da “Cənub” qaz dəhlizi layihəsinin iştirakçısı olduğunu diqqətə çatdıran Prezident İlham Əliyev gələcəkdə tranzit ölkə kimi Bolqarıstanın həmin layihədə mühüm rol oynayacağını vurğulayıb.
Bolqarıstanı Azərbaycanın yaxın dostu kimi dəyərləndirən Prezident İlham Əliyev bir daha milli bayram münasibətilə təbriklərini çatdırıb.
Baş nazir Boyko Borisov qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunub.