Rostovda azərbaycanlını doğrayıb çemodana yığan qatil tutuldu

Rostov vilayətinin Şaxtı şəhərində öldürülən, doğranaraq çemodana qoyulan azərbaycanlının qatili tapılıb. APA TV-nin məlumatına görə, əməliyyat-axtarış tədbirləri nəticəsində qətlə yetirilən şəxsin başı və bədəni şəhərdəki evlərdən birinin zirzəmisindən tapılıb. Daha sonra onun münasibətdə olduğu şəxslər müəyyənləşdirilib və nəticədə qətli törədən şəxsin kimliyi bəlli olub. Qatil adı açıqlanmayan 39 yaşlı şəhər sakinidir. O, törətdiyi cinayəti boynuna alıb. Bildirilib ki, tanışlar evdə birlikdə spirtli içki qəbul ediblər və daha sonra aralarında mübahisə yaranıb. Ev sahibi qonağı olan azərbaycanlıya balta ilə bir neçə zərbə endirib. Daha sonra onun bədənini bir neçə yerə bölməyə və  müxtəlif yerlərə atmağa qərar verib. Faktla bağlı cinayət işi açılıb. Təqsirləndirilən şəxs 20 ilə qədər azadlıqdan məhrum edilə bilər. Xatırladaq ki, bir neçə gün əvvəl Rostov vilayətinin QRES qəsəbəsində çemodanın içində kəsilmiş insan əlləri və ayaqları tapılıb. Rusiya hüquq-mühafizə orqanları çemodanın içində olan kişi cəsədinin qalıqlarının 46 yaşlı azərbaycanlıya aid olduğunu açıqlayıblar. Həmin azərbaycanlının həbsxanadan yenicə çıxdığı bildirilib.

Müəllif | Apa.Tv
Apa.tv