Cənub bölgəsində hava şəraiti kəskin pisləşib

Martın 5-də səhər saatlarından başlayaraq, cənub bölgəsinin əksər rayonlarında hava şəraiti yenidən kəskin pisləşib. APA TV-nin cənub bürosunun məlumatına görə, Lənkəran, Masallı, Astara rayonlarında güclü küləklə müşahidə olunan yağış, dağlıq Lerik və Yardımlı rayonlarına isə qar yağmağa başlayıb. Qarın qalınlığı rayon mərkəzlərində 5-10 sm, ucqar ərazilərdə 25-30 sm-ə çatıb.

 

İntensiv yağış Lənkəran-Lerik şosesinin bir neçə hissəsində xırda sürüşmələrə səbəb olub. Buna baxmayaraq yolda avtomobillərin hərəkətində hər hansı çətinlik yaranmayıb. Hava şəraitinin dəyişməsi bölgədə ciddi vəsadlar törətməsə də, bəzi həyətyanı sahələri və yolları su basıb.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Lənkəran Regional Hidrometrologiya Müəssisəsinin dirketoru Cavid Hüseynovun APA TV-nin yerli bürosuna verdiyi məlumata görə, bölgədə  qeyri-sabit hava şəraiti  martın 6-na kimi davam edəcək: "İntensiv yağışlar nəticəsində çaylarda sululuğun artacağı, bəzi kiçik dağ çaylarında daşqınların olacağı istisna edilmir. Martın 7-i və 8-də yağıntıların kəsiləcəyi, cənub-qərb, qərb küləyinin əsəcəyi proqnozıaşdırılır. Küləyin sürəti saniyədə 15-20, bəzi yerlərdə 23-28 m-ə kimi güclənəcək".

 

Hazırda bölgədə yağıntılı hava şəraiti davam edir.

Müəllif | Apa.Tv
Apa.tv