Bakıda davanı ayırmaq istəyən iki qohum bıçaqlandı
Ötən gecə Bakının Nizami rayonunda bıçaqlanma hadisə baş verib. APA TV-nin məlumatına görə, hadisə "Qara Qarayev" metrostansiyasının yaxınlığındakı şadlıq evlərindən birinin qarşısında qeydə alınıb. Bıçaqlanan iki nəfərdən biri şairdir.
Şair Mübariz Məsimoğlu kimi tanınan 55 yaşlı Mübariz Məsim oğlu Nəsibov və tələbə yoldaşı, eləcə də qohumu, 53 yaşlı Cavanşir Əkbər oğlu Kazımov Mehdi Abbasov küçəsi 43 ünvanında bıçaqlanıblar. Onlar təcili tibbi yardım briqadası tərəfindən 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar. Yaralıları müayinə edən həkimlər Mübariz Məsimoğluda çoxsaylı bıçaq xəsarətinin olduğunu bildiriblər.
Hadisə barədə xəbər tutan polis əməkdaşları dərhal araşdırmalara başlayıblar. Zərərçəkənlər polisə bildiriblər ki, Mehdi Abbasov küçəsi ilə gedərkən şadlıq saraylarından birinin qarşısında bir neçə nəfərin dava etyini görüblər və dalaşanları sakitləşdirmək istəyiblər. Bu zaman orada olan şəxslərdən biri bıçaqla onların üzərinə hücüm çəkərək, xəsarətlər yetirib. Mübariz Nəsibovu və Cavanşir Kazımovu bıçaqlayandan sonra naməlum şəxs hadisə yerindən qaçıb. Hadisəni törədən şəxsin və ya şəxslərin tutlması istiqamətində Nizami Rayon Polis İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Hadisənin hansı səbəbdən baş verdiyi başlanan cinayət işinin istintaqı zamanı məlum olacaq.