İraq həbsxanalarında 100 iranlı məhkum aclığa başlayıb

 

İraqın Süleymaniyə şəhərindəki Gevran həbsxanasında cəza çəkən 100 iranlı məhkum ölkələrinə ekstradisiya olunmaları tələbi ilə kütləvi aclıq aksiyasına başlayıb. APA TV-nin məlumatına görə, narkotik qaçaqmalçılığı və satışında təqsirli bilinərək azadlıqdan məhrum edilən 100 iranlı kürd cəzasının qalan hissəsini İranda çəkmək istəyir. İraq kürd yerli idarəetməsinin də məhkumların tələbinə müsbət yanaşdığı bildirilir. Lakin İran hökuməti hələlik bu istiqamətdə addım atmağa tələsmir. Gevran həbsxanasındakı iranlı məhkumlar da buna eturaz edirlər. Onlar bəyan ediblər ki, tələbləri yerinə yetirilənədək aclıq aksiyasını dayandırmayacaqlar.

 

İranlı məhkum, 42 yaşlı Seyid Şəfa 15 il müddətinə azadlıqdan məhrum edilib: "8 ilə yaxındır, bu həbsxanada cəza çəkirəm. Amma ailəm maddi çətinliklər üzündən yanıma gələ bilmir. Ailələrimizlə daha tez-tez görüşmək üçün cəzamızın qalan hissəsini İranda çəkmək istəyirik".

 

Seyid Şəfa deyib ki, 100 məhkum yalnız çay içir və siqaret çəkir, qidadan isə imtina edib.

 

Müəllif | Apa.Tv
Apa.tv