Bakı-Quba yolunda "Mercedes"lə vurulan piyada ölüb
Bakı-Quba yolunda, DYP-nin Ekologiya postunun yaxınlığında piyadanın ölümünə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin məlumatına görə, qəza zamanı şəxsiyyəti məlum olmayan təxminən 50-55 yaşlı kişi "Mercedes" markalı maşınla vurulub. Qəza nəticəsində piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində ölüb. Şahidlər hadisədən dərhal sonra çəkilmiş həvəskar görüntüləri APA TV-yə təqdim ediblər. Görüntülərdən aydın olur ki, piyadanın vurulması Sumqayıt şəhəri istiqamətində tıxaca səbəb olub.
Qəzadan sonra hadisə yerinə Baş Dövlət Yol Polis İdarəsinin əməkdaşları cəlb olunub. Meyitə və hadisə yerinə baxış keçirilib. Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsinin müstəntiqləri qəza nəticəsində ölən piyadanın şəxsiyyətinin müəyyən edilməsi istiqamətində tədbirlər görürlər.
Faktla bağlı Baş Dövlət Yol Polis İdarəsinin İstintaq və təhqiqat şöbəsində cinayət işi başlanılıb.