Ötən il Azərbaycan Ermənistana 10 erməni və 1 hərbçi meyiti təhvil verib
Ötən il ərzində Azərbaycan tərəfi beynəlxalq humanitar hüquq normalarına hörmətlə yanaşaraq, Ermənistana 10 nəfər və 1 erməni hərbçinin meyitini təhvil verib. APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2014-cü il üzrə illik hesabatında bildirilir. Hesabatda qeyd olunub ki, 2014-cü ilin iyul ayında yaxın qohumlarının məzarını ziyarət etmək məqsədilə Ermənistan silahlı birləşmələri tərəfindən işğal olunmuş Kəlbəcər rayonunun ərazisinə keçmiş 3 nəfər azərbaycanlıdan ikisi (Dilqəm Əsgərov, Şahbaz Quliyev) işğalçı dövlətin hərbçiləri tərəfindən girov götürülüb, bir nəfər (Həsən Həsənov) isə qətlə yetirilib.
Ötən il ərzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən aparılmış araşdırma zamanı 4 nəfərin atəşkəsə qədərki döyüşlərin gedişində itkin düşməsi faktı aşkarlanıb. Həmin şəxslərin adları Dövlət Komissiyasında qeydiyyata alınıb və müvafiq siyahıya salınıb. İtkin düşmüş 8 nəfərin isə taleyi müəyyənləşdirildiyi üçün adları siyahıdan çıxarılıb. 2014-cü ilin sonuna olan məlumata görə, 4009 nəfər itkin düşmüş, 1428 nəfər əsir və girovluqdan azad olunmuş şəxs kimi Dövlət Qeydiyyatında qeydiyyata alınıb.