Suriya ordusu "Əl-Nüsra"nın komandanını məhv edib
Suriya ordusu "Əl-Qaidə" terror təşkilatına bağlı "Əl-Nüsra" cəbhəsinin toplantısı keçirilən ərazini havadan bombardman edib. APA TV-nin xəbərinə görə, toplantı Türkiyə-Suriya sərhədi yaxınlığında, İdlib ərazisində yerləşən Salkın kəndində keçirilirmiş. Hava hücumu nəticəsində "Əl-Nusra"nın yüksək çinli komandanı Əbu Humam Əl-Şaminin öldürüldüyü bildirilir. Görüşdə "Əl-Nusra"nın başqa komandirlərinin də olduğu qeyd olunur. İlkin xəbərlərdə hava hücumunu koalisiya qüvvələrinin etdiyi açıqlansa da, ABŞ tərəfi son 24 saat ərzində Suriya ərazisində heç bir uçuş keçirilmədiyini bildirib. Daha sonra Suriya xəbər agentliyi SANA əməliyyatın Suriya ordusu tərəfindən gerçəkləşdirildiyi xəbərini yayıb. SANA-nın məlumatına görə, əməliyyat Habet kəndində keçirilib.