Ali təhsil proqramlarından "Bədən tərbiyəsi" fənni çıxarılıb
“Bu gün tələbələrlə iş, xüsusilə tərbiyə işi, onların asudə vaxtlarının təşkili və bir vətəndaş kimi formalaşmasında ali təhsil sisteminin rolu əvəzsizdir”.
APA TV-nin xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Azərbaycan Memarlıq və İnşaat Universitetinin Memarlıq fakültəsinin Təhsil Nazirliyi tərəfindən əsaslı təmir olunmuş tədris binasının açılış mərasimində deyib. Onun sözlərinə görə, bu gün tələbələrlə işin qurulması əvvəlki dövrlə müqayisədə xeyli çətinləşib. Çünki hər bir tələbə, o cümlədən insanlar üçün rəqabət yüksəlib, amma vaxt daralıb.
Nazir qeyd edib ki, ali təhsil proqramlarından "Bədən tərbiyəsi" fənni çıxarılıb.
"Biz düşünmürük ki, bədən tərbiyəsi ali təhsil sistemi üçün əhəmiyyətli deyil. Әslində bu o dərəcədə əhəmiyyətlidir ki, ali təhsil sistemində biz onun real inkişafı və dəstəklənməsi üçün yeni alətlər verməyə hazırıq. Lakin ali təhsil sisteminin ixtisaslarında məhdud müddət ərzində hüquqşünas, memar və ya maliyyəçi olmaq üçün ali təhsil səviyyəsində bədən tərbiyəsinin bağlantısını görmürük. Biz görürük ki, tələbələrin bir qismi güləşlə, futbolla maraqlana, bir qismi isə oxu zallarından zövq ala bilər" deyə nazir bildirib.