Milli Məclisdə Ombudsmanın illik hesabatı dinlənilib

"Vətəndaşların hüquq və mənafelərinin pozulmasına, o cümlədən onların müraciətlərinə qayğılı və həssas yanaşılmamasına, süründürməçiliyə yol verilməsinə və digər nöqsanlara görə 68 ədliyyə işçisi intizam məsuliyyətinə cəlb edilib".

 

APA TV-nin məlumatına görə, bunu İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanova Milli Məclisdə 2014-cü il üzrə illik hesabatını təqdim edərkən bildirib: "Onlardan 8-i ədliyyə orqanlarından xaric edilib, eləcə də 2 nəfərin əməlinə hüquqi qiymət verilməsi üçün materiallar prokurorluq orqanına göndərilib, 22-si tutduğu vəzifədən azad olunub, 12-nə tutduğu vəzifəyə tam uyğun olmaması barədə xəbərdarlıq edilib, 14-nə şiddətli töhmət, 10-na töhmət və 2-nə irad tutulub".

 

Elimira Süleymanova bildirib ki,  ötən il məhkəmə qərarlarının icrası ilə bağlı daxil olan 704 müraciətin təhlili onu deməyə əsas verir ki, məhkəmə qərarlarının icrasının bir çox halda əsassız olaraq yubanıb: "Ümumiyyətlə, bəzi məhkəmə icraçılarının öz vəzifələrinin icrasına qeyri-peşəkar və laqeyd münasibəti nəticəsində bir sıra məhkəmə qərarları icra edilməyib və ya uzun müddət icrasız qalıb".

 

Sənəddə qeyd olunub ki, boşanmaların sayının artması, habelə alimentin borclu tərəfindən ödənilməsi ilə bağlı problemlər nəzərə alınaraq, “Aliment Fondu”nun yaradılması zəruridir.

 

Hesabat ətrafında müzakirələr başlayıb. Millət vəkili Musa Quliyev ümumilikdə hesabatı müsbət dəyərləndirib, lakin bəzi hüquq müdafiəçilərinin, KİV-də çalışmış və sonradan müxtəlif cinayət əməllərinə görə ittiham olunan şəxslərin adlarının çəkilməsinin və onlara geniş yer verilməsinin məqsədəuyğun olmadığını deyib. Millət vəkili Siyavuş Novruzov isə son dövrlər bir qrup beynəlxalq təşkilatın Azərbaycan dövləti haqqında şər-böhtan danışdığını deyib: "“Eurovision” ərəfəsində də belə kampaniya gedirdi. Onlar erməni mənşəli şəxsləri -  qrant verib sonra şapka aldığı şəxsləri dəstəkləyirlər. Burada bir qrup şəxs də onlara material ötürür. Bunlar AXCP sədri Əli Kərimli, onun ətrafı, erməni mənbələrindən qidalanan QHT-lərdir”.

 

Hesabata münasibət bildirən millət vəkili Qüdrət Həsənquliyev qeyd edib ki, I Avropa Oyunları Azərbaycanın dünyada təbliğ olunması üçün çox böyük hadisədir: “Ancaq çox təəssüf ki, Azərbaycanın əleyhinə olan, ermənipərəst qüvvələrin dünyanın aparıcı ölkələrində güclü lobbiləri var, o ölkələrin siyasətinə təsir edə bilirlər. Həmin ölkələr də beynəlxalq insan hüquqları təşkilatlarını maliyyələşdirirlər və o təşkilatlar da onların sifarişləri ilə ayrı-ayrı ölkələrdə insan haqları məsələsinə daha çox diqqət yetirir. Biz bütün bu reallıqları bilirik və o reallığı da bilirik ki, dünyada insan hüquqları ilə bağlı fikri həmin təşkilatlar formalaşdırır. Ona görə də Elmira xanım da öz nüfuzundan istifadə etməlidir və biz çalışmalıyıq ki, bu Oyunlar ərəfəsində həmin beynəlxalq təşkilatların Azərbaycana qarşı kampaniya aparmasına imkan verməyək ki, kimlərsə bu böyük tədbirin üzərinə kölgə sala bilməsinlər”.

 

Millət vəkili Zahid Oruc isə Azərbaycanlı gənclərin xaricdə dini təhsil almalarına qanunla qadağa qoyulması təklifi ilə çıxış edib.

 

Hesabat səs qoyularaq qəbul edilib.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı