“Gənc jurnalistlər üçün SOCAR Qış məktəbi”nin bağlanış mərasimi keçirilib
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Mətbuat Şurasının birgə layihəsi olan “Gənc jurnalistlər üçün SOCAR Qış məktəbi”nin rəsmi bağlanış mərasimi keçirilib. APA TV-nin xəbərinə görə, mərasimdə çıxış edən ARDNŞ-ın prezidenti Rövnəq Abdullayev gənc jurnalistlər üçün təşkil edilən qış məktəbinin ölkəmizdə ilk belə layihə olduğunu diqqətə çatdırıb. Rövnəq Abdullayev bildirib ki, neft ölkəsi olan Azərbaycan daim dünyanın diqqət mərkəzindədir. Ölkənin neft şirkəti olan SOCAR dünya səviyyəli şirkətdir. O, əlavə edib ki, yazılan hər bir fikir böyük məsələlərin həllinə kömək edir.
Şirkətin vitse-prezidenti Xalid Məmmədov bildirib ki, 36 jurnalistin iştirak etdiyi layihə ərzində jurnalistlər enerji sektorunun bütün sahələrini - neft yataqlarının geologiya-geofizikası, qazma texnologiyası, neft-qaz hasilatı, həmçinin jurnalist etikası, medianın problemləri və s. mövzularda çıxışlar dinləyib. İştirakçılar SOCAR-ın məsul şəxsləri, Mətbuat Şurasının nümayəndələri, ekspertlərlə görüşüblər. Qış məktəbi dövründə şirkətin idarə və müəssislərinə, həmçinin Neft Daşlarına ekskursiyalar təşkil edilib.
Mətbuat Şurasının sədri Əflatun Amaşov reallaşdırılan layihənin gənc jurnalistlərin ixtisaslaşması baxımından böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Daha sonra jurnalistlər layihə haqqında fikirlərini bölüşüblər. Sonda Rövnəq Abdullayev məktəbin iştirakçılarına kursu bitirmələri haqqında sertifikat və hədiyyələr təqdim edib.