Azərbaycanın ən böyük sıxılmış qaz stansiyası apreldə istifadəyə veriləcək
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Yunanıstanın qazpaylayıcı şəbəkəsi olan DESFA şirkətinin səhmlərinin 66 faizinin alınması ilə bağlı danışıqları şərh edib. APA TV-nin məlumatına görə, Rövnəq Abdullayev bildirib ki, bu məsələ ilə bağlı Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğu ilə danışıqlar aparılır. DESFA-da Azərbaycan tərəfinin payının nə qədər olacağı Avropa Komissiyasının Rəqabət üzrə Baş Direktorluğunun cavabından asılıdır: ““Bu gün də bizim ekspert qrupumuz danışıqlarda olub. Gələn həftə də qrup danışıqları davam etdirəcək. Bu danışıqları son mərhələyə çatdıracağıq”.
Qeyd edək ki, 2013-cü il iyulun 31-də Yunanıstanın Dövlət Əmlakının İdarə Edilməsi Fondu (Hellenic Republic Asset Development Fund, HRADF) DESFA qazpaylayıcı şirkətinin 66 faizlik səhm paketinin SOCAR tərəfindən 400 mln. avroya alınmasına dair sövdələşməni təqdir edib. 2013-cü ilin dekabr ayında SOCAR ilə Yunanıstanın Dövlət Özəlləşdirmə Fondu və “Petroleum” şirkəti arasında “Səhmlərin Alqı-Satqı Müqaviləsi” və “Səhmdarlar haqqında Müqavilə” imzalanıb.
Rövnəq Abdullayev bildirib ki, Azərbaycanda tikilən ən böyük sıxılmış qaz stansiyasının (SNG) apreldə istifadəyə veriləcəyini deyib: “Bildiyiniz kimi, Bakıda böyük SNG tikilir. Yəqin ki, apreldə onu işə salacağıq. Bir neçə stansiyanın tikintisi "SOCAR-Petroleum" və tərəfdaşları tərəfindən həyata keçirilir. Ümid edirəm ki, nəzərdə tutduğumuz müddətdə Bakıda və ətraf ərazilərdə SNG stansiyaları və SNG ilə çalışan motorlara qulluq edən texniki bazalar tikilib hazırlanacaq. Biz qaz ölkəsi olaraq, yanacağın müəyyən hissəsinin qaza keçirilməsi işlərini görürük. Dünyada bu geniş yayılıb. Məsələn, Avropada elə ölkələr var ki, orada istismar olunan avtomobillərin 60-70 faizi bu tip yanacaqdan istifadə edir. Bu, həm də ekoloji baxımdan vacibdir.
Rövnəq Abdullayev SOCAR-ın Gürcüstanda 14 SNG stansiyası tikdiyini bildirib.