Azərbaycan prezidenti Vatikanda Katolik Kilsəsinin rəhbəri ilə görüşüb

Azərbaycan prezidenti İlham Əliyev martın 5-də Müqəddəs Taxt-Taca – Vatikana rəsmi səfər edib. APA TV-nin məlumatına görə, martın 6-da prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva Vatikanda Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ilə görüşüblər. Görüşdə Azərbaycanla Vatikan arasında ikitərəfli əlaqələrin yüksək səviyyəsindən məmnunluq ifadə edilib. Vatikanın Azərbaycan ilə əlaqələrə yüksək qiymət və mühüm əhəmiyyət verdiyi bildirilib. Mədəniyyətlərarası və dinlərarası münasibətlərə Azərbaycanın verdiyi önəmin dövlətlərimiz arasında ikitərəfli əməkdaşlığın inkişafında mühüm rol oynadığı diqqətə çatdırılıb. Ölkəmizdə nümunəvi tolerantlıq mühitinin olduğu, bütün dini konfessiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığı bildirilib.

 

Söhbət zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun son illərdə Vatikanda həyata keçirdiyi müxtəlif mədəni layihələrin əhəmiyyəti vurğulanıb.

 

Vatikana rəsmi səfəri çərçivəsində Azərbaycan prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolin ilə geniş tərkibdə görüşü olub. Görüşdə Azərbaycanda bütün dinlərə münasibətin yüksək səviyyədə olduğu, müxtəlif dini icmalar arasında qarşılıqlı anlaşma və etimad mühitinin hökm sürdüyü bildirilib. Azərbaycanda multikulturalizmin yaxşı ənənələrinin olduğu diqqətə çatdırılıb.

 

Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb.

 

Bununla da martın 6-da Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Müqəddəs Taxt-Taca - Vatikana rəsmi səfəri başa çatıb.

Müəllif | Apa.Tv
Apa.tv