Hadı Rəcəbli: "Tibb müəssisələrinin lisenziyasının ləğv olunması sadələşdiriləcək"
"Azərbaycanda tibb müəssisələrinə verilən lisenziyanın ləğv olunması prosesinin daha da sadələşdirilməsi və dəqiqləşdirilməsi ilə bağlı qanun layihəsi hazırlanıb".
APA TV-nin məlumatına görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib: "Hazırda elə layihə və fikir var ki, müəssisələrə verilən sənədlərin ləğv olunması qismən sadələşdirilsin. Burada mövcud bürokratik əngəllər aradan götürülsün. Yəni xalqa səhiyyə xidmətini aşağı səviyyədə göstərən və özünün ixtisasına uyğun olmayan işlərlə məşğul olan özəl tibb müəssisələrinin qapanma məsələsinə daha rahat baxılsın".
Azərbaycanda nikaha girən şəxslərdən tibbi arayışın tələb olunması ilə bağlı qanunvericiliyə edilən düzəlişin qüvvəyə minməsinin tarixinin dəyişdirildiyini deyən komitə sədri bildirib ki, qanun qüvvəyə minsə də, texniki məsələlərə görə vaxtı uzadılıb. Onun sözlərinə görə, müvafiq icra orqanları tərəfindən arayış forması, göndərişlər hazırlanmalıdır, insanların hansı tibb müəssisələrində müayinədən keçməsi müəyyənləşdirilməlidir. Səhiyyə Nazirliyi müayinədən keçməyin qaydalarını, arayışın formasını, hansı xəstəliklərdən müayinə olunmağı müəyyənləşdirərək təsdiqləyəcək. Nazirlər Kabineti də təsdiq qərarı verəndən sonra qanunun icrasına başlanılacaq: "İyun ayının 1-dən artıq tibbi arayış təqdim etmədən nikah bağlanmayacaq".
Hadı Rəcəbli "İcbari tibbi sığorta haqqında" qanunun həyata keçirilməsində bəzi problemlərin olmasına diqqət çəkib. Komitə sədri Azərbaycanda özəl sığorta və özəl pensiya fondlarının yaradılmasının nəzərdə tutulduğunu da qeyd edib. Millət vəkili deyib ki, özəl pensiya fondu yarananda məcburi sosial sığortadan başqa, həmin müəssisəyə də vəsait köçürüləcək.